Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
17 Yanvar , 2019

20 Yanvar Qan yaddaşımızdır

17 yanvar 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi Kitabxanada “20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Kitabxana-Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Solmaz Cəfərova bu qanlı faciədən ürək ağrısı ilə danışdı. O söylədi ki, Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. 20 Yanvar tarixi xalqımızın azadlıq şücaəti, cəsarəti özünün milli qürurunun bütün dünyəvi dəyərləri ilə gələcək nəsillərə yadigar qalan günlərimizdən biridir. Qan yaddaşımız olan bu tarixin o həyacanını yaşayan biz şahidləriyik. Sonra 20 Yanvar faciəsinin tarixi haqqında Oxuculara Xidmət şöbəsinin kitabxanaçısı Natavan Gözəlova ətraflı məruzə etdi.
Komplektləşdirmə və kitabişləmə şöbəsinin kitabxanaçısı Svetlana Hüseynova ”Ağla qərənfil ağla” şerini söyləyərək tədbir iştirakçılarını sanki yenidən o illərə qaytardı.
İnformasiya Resurs şöbəsinin müdiri Seyidməsmə Ələkbərova çıxışında həmin faciənin şahidi olmasa da eşitdikləri və kitablardan oxuduqları onda ağır təəsüratlar yaratdığını bildirdi. Qeyd etdi ki, 20 Yanvar faciəsində Ümummilli lider Heydər Əliyevin xidməti çox dəyərlidir. Belə bir vaxtda heç bir çətinliklərə baxmayaraq Ulu öndərimiz Moskvadakı daimi mümayəndəliyimizə gələrək kəskin bəyanətlə çıxış etdi və dünya jurnalistlərinə bu qanlı hadisə haqqında məlumat verdi. 20 Yanvar bizim milli ənənələrimizi yaşadan qəhrəmanlıq tarixinin bir simvoludur. Bizim üçün Qarabağ uğrunda dünyasını dəyişən bütün şəhidlərimizin ruhu əzizdir. 
Çıxış edənlərdən Oxuculara Xidmət şöbəsinin müdiri Zərifə Kərimova həmin faciəvi hadisələrdən danışaraq bildirdi ki, çətin zamanda Azərbaycanın haqq səsinə səs verən yox idi. Fövqəladə vəziyyət barədə heç bir xəbərdarlıq edilmədən 19-dan 20-nə keçən gecə günahsız vətəndaşlara təcavüz edildi. Həmin tarixdə çox faciələr törədildi. Qan su yerinə axıdıldı. Hava da qan ağlayırdı. SSRİ rəhbərliyinin əmri ilə respublikamızda informasiya blokadası yaradılmışdır. 
20 Yanvar faciəsi bizim and yerimizdir. Biz bu tarixi yaşatmalıyıq ki gələcək nəsillər bundan ibrət götürsünlər.