Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Rayon haqqında
1 Avqust , 2018

Sabirabad rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Ümumi ərazisi 1469,6 km². Əhalinin ümumi sayı 174813. Kəndlərin sayı 74. Rayonda Dövlət sosial iqtisadi kolleci, Peşə liseyi, 85 ümumtəhsil məktəbi, 22 uşaq baxçası, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. 126 mədəniyyət və 77 səhiyyə müəssisəsi əhaliyə xidmət göstərir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Sabirabadin ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Quruzma,Qaraqaşlı,Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V-II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Quruzma kəndinin "Bud Təpəsi" adlanan yeri,Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri(Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aid yerində qədim dövrə aid saxsı qablar və müxtəlif əmək alətləri tapılmışdır.Cavad orta əsr yaşayış yerini IX-XV əsrlərə, kəndin "Şəhərgah" adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI-XII əsrlərə aid olduğu sübut edir. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır. Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Albaniya dövləti Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubdakı ərazini, o cümlədən indiki Sabirabad rayonunun ərazisini əhatə edirdi. Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları da aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatik materiallar da aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə «Sabirabad dəfinəsi» kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axistana (XII əsrin sonu), II Toğrula (1177-1194), II Fərubuza məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir. IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın(Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir. Müasir Sabirabad-tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941-981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410-1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvanşahlar bəylərbəyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyinə daxil idi. Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, Səfəvilər dövlətinin də tərkib hissəsi olaraq, sənətkarlıq və ticarətin inkişaf etdiyi bir diyar olmuşdur. Görkəmli tarixçi Abbasqulu Bakıxanov «Gülüstani-İrəm» əsərində yazırdı ki, «1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək Şah yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi». Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar. Abbasqulu Bakıxanov «Bakı xanlıqları tarixindən» adlı əsərində yazırdı: «15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi». XVIII əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birgə farsların ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi. Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi. Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülmüşdür. 1888-ci ildə indiki rayonun ərazisi Petropalovka adlandırılmışdı. Petropalovka Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi. Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropavlovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Peropavlovka müstəqil rayon olmuşdur. 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır.